DÜNYA
Yava adasında Kelud vulkanı oyanmışdır VİDEO
Cakarta, 14 fevral (AZƏRTAC). İndoneziyanın Yava adasının şərqində, dünyanın əhalinin ən sıx yerləşdiyi rayonu üzərində Kelud vulkanının püskürməsi təhlükəsi yaranmışdır.
Hazırda vulkanın ən təhlükəli məqama yaxınlaşdığı bildirilir. Belə ki, vulkanın püskürməsi barədə xəbərdarlıq edən yeraltı təkanlar təhlükəli səviyyəyə çatmışdır. İndoneziyanın ikinci böyük şəhəri Surabayyadan 90 kilometr aralıda yerləşən Kelud vulkanının 10 kilometr radiusunda 350 min əhali yaşayır. Vulkanın püskürmə həddi yaxınlaşdığına görə onlara təcili təxliyə barədə xəbərdarlıq edilmişdir. Həyəcanlanmış sakinlər sürətlə təxliyə məntəqələrinə toplaşırlar. Şahidlərin bildirdiyinə görə, kül buludu artıq böyük ərazini əhatə etmiş, üç beynəlxalq aeroport fəaliyyətini dayandırmışdır.
Hündürlüyü 1731 metrə çatan Kelud vulkanı İndoneziya arxipelaqının ən aktiv vulkanlarından sayılır. Yerli dildə vulkanın adı “Qarşısına çıxan hər şeyi süpürüb aparan” mənasını verir. 1311-ci ildən bəri 29 dəfə püskürmüş vulkan həqiqətən də qarşısına çıxan hər şeyi süpürüb aparmış, on minlərlə insanı məhv etmişdir.
Keludun ən güclü püskürməsi 1568-ci ildə qeydə alınmış, həmin vaxt 10 minədək insan həlak olmuşdur. Daha 5 min ada sakini 1919-cu il püskürməsi zamanı məhv olmuşdur. Vulkan sonuncu dəfə 1998-ci ildə püskürmüş və həmin vaxt 35 nəfəri tələf etmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta