CƏMİYYƏT
Paytaxtın Nəsimi rayonunda univermağın binasında baş vermiş yanğın söndürülmüşdür [YENİLƏNİB] VİDEO
Xəbər verildiyi kimi, paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzinin binasında yanğın hadisəsi baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində ticarət mərkəzinin birinci və ikinci mərtəbələri arasındakı eskalator və birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrin 50 kvadratmetr sahədə yanmışdır.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən alov söndürülmüş, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğının səbəbləri araşdırılır.
X X X
09:30
Bakı, 14 mart (AZƏRTAC). Paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” univermağının binasında yanğın hadisəsi baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışlar.
Hazırda yanğın məhdudlaşdırılmışdır.
İlkin məlumata əsasən, bir ədəd eskalatorun yanar hissələri yanmışdır. Əlavə məlumat veriləcəkdir.