Serbiyada vəziyyət ağır olaraq qalır VİDEO
Bakı, 21 may (AZƏRTAC). Serbiyada dağıdıcı daşqınlar nəticəsində həlak olanlara görə üç günlük matəm elan edilmişdir. Son məlumatlara görə, təbii fəlakətin Balkan yarımadasında yerləşən bu dövlətə vurduğu zərbə nəticəsində 20 nəfər həlak olmuş, 30 mindən çox adam evakuasiya edilmişdir.
Qurbanların sayı Belqrad ətrafındakı Obrenovats şəhərində daha çox olmuşdur. Burada vəziyyət sabit olaraq qalır. Sava çayı səviyyəsi 70-80 santimetr yüksələcəkdir. Yaxın günlərdə Dunay çayında da suyun səviyyəsinin yüksələcəyi gözlənilir. Ölkədə fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir. Serbiyada artıq təqribən 31 min sakin yaşadığı yerdən evakuasiya edilmişdir. Meteoroloqların məlumatına görə, selin ən gur vaxtı mayın 23-nə təsadüf edəcəkdir.
Serbiyada təbii fəlakətdən zərər çəkənlərə yardım kampaniyasına başlanmışdır. Arzu edənlər aşağıdakı link vasitəsilə vəsait köçürməklə, zərərçəkənlərə yardım göstərə bilərlər: http://www.floodrelief.gov.rs/eng/.