DÜNYA
6 min qeyri-leqal miqrant İspaniya sərhədini keçib
Madrid, 18 may, AZƏRTAC
Bazar ertəsi axşam, gecə saatlarında və çərşənbə axşamı səhərə yaxın 6 min qeyri-leqal miqrant dəniz və quru yolu vasitəsilə İspaniya və Mərakeş arasındakı sərhədi keçərək İspaniyanın Seuta anklavının ərazisinə daxil olublar.
AZƏRTAC xəbər verir ki, 24 saat ərzində 6 min nəfərin əraziyə daxil olması İspaniya üçün görünməmiş hadisədir. Buna bənzər rəqəmlər hətta ən böyük miqrasiya böhranı dövründə belə qeydə alınmayıb. Sonuncu rekord 2020-ci ilin noyabrında, İspaniyaya 2188 nəfərin keçdiyi vaxt qeydə alınmışdı. Mərakeş jandarmeriyasının təhlükəsizlik qüvvələrinin hərəkətsizliyi səbəbindən miqrantların kütləvi şəkildə bu ölkəyə soxulması Mərakeşlə diplomatik gərginlik kontekstində baş verir.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın bəyanatına əsasən, Seutaya gələn 6 min miqrantdan 1500 nəfəri artıq Mərakeşə qaytarılıb.
Nazirin sözlərinə görə, 6 min miqrant Seuta əhalisinin ümumi sayının (85 min sakin) 7 faizini təşkil edir.
Həmin gecə İspaniyaya keçən bütün qeyri-leqalların üçdəbiri həddi-buluğa çatmayanlardır. Sual yaradan başlıca məsələ odur ki, miqrantların qaytarılması barədə sazişin aid edilmədiyi həddi-buluğa çatanların aqibəti necə olacaq? Miqrantların əksəriyyəti İspaniyaya ailəliklə üz tutublar. Seutada yerli əhali və miqrantlar arasında qarşıdurmalar baş verir. İspaniyanın hakimiyyət orqanları şəhərdə asayişin təminatı üçün ordunu səfərbər ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid