“Air Algerie” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin qalıqları tapılıb VİDEO
Bakı, 25 iyul (AZƏRTAC). “Air Algerie” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin qalıqları iyulun 25-nə keçən gecə Mali ərazisində tapılıb. Məlumatı Fransanın hakimiyyət orqanları təsdiqləyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, təyyarə Burkina-Faso respublikasının paytaxtından Əlcəzairə uçurmuş. Təyyarənin göyərtəsindəki 116 nəfərin 51-i Fransa, 20-i Livan vətəndaşı olub. Ümumiyyətlə, 16 ölkənin təmsilçilərinin qeydiyyatdan keçdiyi, təyyarəni isə İspaniyadan olan ekipajın idarə etdiyi bildirilir.
İTAR-TASS agentliyinin yaydığı xəbərə görə, qəzaya əlverişsiz hava şəraiti və təyyarənin pis texniki vəziyyəti səbəb olub. Təyyarə ilə əlaqə uçuşdan 50 dəqiqə sonra itib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. İlkin məlumatlara görə, təyyarədəkilərin hamısı həlak olub.