İDMAN
Dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri iki medal qazanıblar VİDEO
AZƏRTAC xəbər verir ki, çempionatın beşinci günündə 75 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıblar. Güləşçilərimiz günü bir gümüş və bir bürünc medalla başa vurublar.
Dünya çempionatında 85 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Saman Təhmasibi almaniyalı Ramsin Azizsiri, çinli Liang Konqu və gürcüstanlı Vladimer Qeqeşidzeni məğlub edərək
yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna təmsilçisi Jan Belenyuk ilə qarşılaşan pəhləvanımız rəqibini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimiz Fransa idmançısı Melonin Noumonviyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Çempionatda 75 kiloqram çəki dərəcəsində güləşən Elvin Mürsəliyev isə ilk qarşılaşmada məğlub olsa da, təsəlliverici görüşlərdə Avstriya güləşçisi Florian Marçili və meksikalı Juan Eskobarı üstələyərək bürünc medal qazanmaq şansı əldə edib. Azərbaycan güləşçisi həlledici görüşdə Gürcüstan idmançısı Zurabi Datunaşviliyə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.