REGİONLAR
79 saylı İmişli Dairə Seçki Komissiyasında seçkilərə hazırlıq işləri davam etdirilir
İmişli, 7 oktyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri 79 saylı İmişli Dairə Seçki Komissiyasında da davam etdirilir. Dairənin əhatə etdiyi 43 seçki məntəqəsi lazımi avadanlıq, rabitə və digər texniki vasitələrlə təmin edilib.
Dairə Seçki Komissiyasının sədri Sabit Yaqubov AZƏRTAC-a bildirib ki, dairənin nəzdində fəaliyyət göstərən seçki məntəqələrində dəqiqləşdirilmiş siyahıya əsasən seçicilərin ümumi sayı 39 min 484 nəfərdir. Hər seçki məntəqəsinə altı nəfər komissiya üzvü təyin edilib. Seçkiləri uğurla başa çatdırmaq üçün komissiya üzvləri ilə lazımi iş aparılır, maarifləndirici tədbirlər təşkil olunur. Bütün məntəqələrdə seçici siyahıları asılıb. Maarifləndirici plakatlar məntəqələrin girişində, nəzərəçarpan yerlərdə quraşdırılıb, təlimatlar və digər lazımi avadanlıqlar paylanılıb. Dairə Seçki Komissiyası üzrə fəaliyyət göstərən məntəqələrdən 15-i İmişli şəhərində, 28-i isə kəndlərdə yerləşir.