REGİONLAR
Beynəlxalq konfransın Qarabağda, cəbhə bölgəsində keçirilməsi mühüm siyasi məna kəsb edir VİDEO
Beynəlxalq tədbirin Qarabağda, cəbhə bölgəsində keçirilməsi elmi əhəmiyyətlə yanaşı, mühüm siyasi məna da kəsb edir.
Bu fikir oktyabrın 24-də Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən 4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransında səslənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastroenteroloji Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilən konfransda Bakıdan və Türkiyədən gəlmiş alim və həkimlərlə yanaşı, Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan və Xocalıdan olan həkimlər də iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad etdilər.
Konfransın açılışında çıxış edən Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Rəfael Mustafayev belə bir tədbirin xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə keçirilməsinə görə ATXƏM-ə və Türkiyə Gastroenteroloji Birliyinə minnətdarlığını bildirdi.
ATXƏM-in sədri İlham İsmayılov konfransın keçirilməsində əsas məqsədin Qarabağ bölgəsinin həkimlərinin qastroentoloji, ağciyər, böyrək xəstəlikləri və səhiyyənin digər aktual məsələləri ilə bağlı Türkiyədən gəlmiş mütəxəssislərlə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu qeyd etdi. Türkiyə və Azərbaycan həkimləri arasında əlaqələrin genişlənməsində, tibbi biliklərin təkmilləşdirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən danışaraq, tədbirin Qarabağda, cəbhə bölgəsində keçirilməsinin siyasi əhəmiyyət kəsb etdiyini bildirdi və konfransın işinə uğurlar arzuladı.
Türk Qastroenteroloji Birliyinin sədri professor Ali Özden vurğuladı ki, mütəmadi keçirilən konfranslar Azərbaycan və Türkiyə həkimləri arasında təcrübə mübadiləsi, tibb sahəsində əməkdaşlıq üçün gözəl imkanlar yaradır.
Sonra Türkiyədən və Azərbaycandan olan mütəxəssislərin məruzələri dinlənildi. Onlar tibb sahəsindəki yeniliklərlə bağlı məlumat verərək, təcrübələrini bölüşdülər.