İQTİSADİYYAT
İşinin öhdəsindən gələ bilməyən dörd sahibkar ictimai nəqliyyatdan kənarlaşdırılıb VİDEO
Bu ilin ötən dövründə işinin öhdəsindən gələ bilməyən dörd sahibkar ictimai nəqliyyatdan kənarlaşdırılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov AZƏRTAC-a bildirib ki, onlara məxsus avtobus marşrutları sərnişinlərə nümunəvi xidmət göstərən digər sahibkarlara verilib.
Ə.Cəfərov ictimai nəqliyyatda avtobus sürücüləri haqqında məlumatların vahid bazada toplanması barədə də məlumat verərək deyib ki, bu, avtobus qəzalarının və sürücülərin özbaşınalıqlarının qarşısının alınmasına kömək edəcək. Belə ki, yeni elektron tablolarda qəza törədən, yol hərəkəti qaydalarını pozan, işinin öhdəsindən gələ bilməyən sürücülər haqqında məlumatlar yer alacaq, gündəlik xəttə çıxan avtobusların nömrəsi, sürücülərin adları göstəriləcək. “Bu, qayda-qanunu pozan, sərnişinlə kobud rəftar edən sürücünün bir marşrutdan çıxıb digərində işləməsinin qarşısını almağa imkan verəcək”, - deyə Ə.Cəfərov vurğulayıb.
Peşəkar sürücülərin hazırlanmasının vacibliyindən də danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi hazırda 150-dək sürücünün Tədris-Kurs Kombinatında təlimləri başa vurduğunu və Dövlət Yol Polisi idarəsində imtahana cəlb olunduqlarını bildirib. Qeyd edib ki, onların avtobus marşrutlarında işləməsinə yalnız bu imtahanlardan sonra icazə veriləcək.
Birinci Avropa Oyunları ərəfəsində paytaxta 300 avtobusun və 500 “London taksisi”nin gətiriləcəyini deyən Ə.Cəfərov bu istiqamətdə sənədləşmə işlərinin son mərhələdə olduğunu bildirib.