İQTİSADİYYAT
Yapon iş adamları “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələrini yüksək qiymətləndiriblər
Tokio, 19 noyabr, AZƏRTAC
Noyabrın 18-də Tokioda “Cross Border Club”un və “WorldInvesters TV” internet televiziyasının təşkil etdiyi toplantıda Bakıda ilk dəfə keçirilmiş “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri yüksək qiymətləndirilib.
Toplantını açan “WorldInvesters TV” internet televiziyasının prodüseri, xarici ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida “AS Global Menegment Co.LTD” şirkətinin təşkilatçılığı ilə noyabrın 14-15-də Bakıda keçirilən “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri barədə məlumat verib. Festivalın çox uğurlu keçdiyini vurğulayan K.İşida onun iki gün ərzində üç mindən artıq insan tərəfindən ziyarət olunduğunu, iki ölkənin iş adamları arasında gələcək əməkdaşlıqla bağlı maraqlı müzakirələrin aparıldığını bildirib. Azərbaycanın inkişafını Yaponiyanın sürətli “Şinkansen” qatarlarına bənzədən natiq yapon iş adamlarını bu sürət qatarında yer tutmağa tələsməyə çağırıb. Vurğulayıb ki, Bakıda təşkil edilən sərgi regionun lider dövlətinə çevrilmiş Azərbaycanın iş adamları ilə əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Festivala yerli mətbuatın böyük maraq göstərdiyini qeyd edən K.İşida sərgi haqqında ətraflı materiallara görə AZƏRTAC-a və Azərbaycan Televiziyasına xüsusi minnətdarlığını bildirib.
Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir tikililəri ilə fərqləndiyini vurğulayıblar.
Toplantıda Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı ölkəmizdə investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb.
Sonda iştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları cavablandırılıb, maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio