REGİONLAR
Azərbaycanın özü qədər əbədi və həmişəyaşar lider VİDEO
Ağsu, 12 dekabr, Adil Ağayev, AZƏRTAC
Ağsuda müstəqil Azərbaycanın xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirə günü rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də səhər saatlarında insanlar dəstə-dəstə şəhərin mərkəzindəki Heydər parkına gəlir, Ulu Öndərin buradakı abidəsini ziyarət edərək önünə əklil və çiçəklər düzür, Azərbaycanın bu böyük oğlunun xatirəsinə öz ehtiramlarını bildirirdilər.
Sonra rayon fəallarının, o cümlədən ağsaqqalların, gənclərin və ziyalıların iştirakı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunan toplantı keçirilib. Toplantıda “Azərbaycanın özü qədər əbədi və həmişəyaşar liderimiz” mövzusunda məruzə dinlənilib. Çıxış edənlər Heydər Əliyevin 1978-ci il sentyabrın 29-da və 1981-ci il iyulun 30-da Ağsu rayonuna səfərləri ilə bağlı xatirələrini danışıblar. İstər məruzədə, istərsə də çıxışlarda bu dahi insanın öz vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Qeyd olunub ki, ötən əsrin 90-cı illərində erməni təcavüzünə məruz qalan, vətəndaş müharibəsi astanasında olan Azərbaycanı xilas edən Heydər Əliyev güclü bir dövlətin bünövrəsini yaratmaq kimi böyük tarixi missiyanı şərəflə yerinə yetirib, bununla da xalqın qəlbində özünə əbədi heykəl ucaldıb. Heydər Əliyev Azərbaycan tarixində böyük siyasi xadim, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı olaraq qalacaq.
Natiqlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün daha parlaq gələcəyə doğru inamla addımladığını iftixarla vurğulayıblar.