ELM VƏ TƏHSİL
47-ci Beynəlxalq Kimya Olimpiadası Bakıda keçiriləcək
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Təhsil Nazirliyində 47-ci Beynəlxalq Kimya Olimpiadası Təşkilat Komitəsinin müşavirəsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə bu qurumun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının əməkdaşları, şəhər, rayon təhsil idarə və şöbələrinin nümayəndələri, eləcə də nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktor müavinləri iştirak ediblər.
Təşkilat Komitəsinin üzvləri 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçim turlarının təşkili və keçirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, olimpiadada çıxış edəcək Azərbaycan məktəblilərindən ibarət milli komandaya namizədlərin seçim turları üç mərhələdən ibarətdir. Seçim turlarında X-XI sinif şagirdləri iştirak edəcəklər. İlk seçim turu 2015-ci il yanvarın 18-də keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim olunacaq və cavablandırılması üçün üç saat vaxt veriləcək. Rayon turunun nəticələrinə əsasən zona turunda iştirak edəcək şagirdlər M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən müəyyənləşdiriləcəklər.
Müşavirədə 47-ci Beynəlxalq Kimya Olimpiadasının seçim turlarının təşkili və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə bu işə məsul olan şəxslərə tövsiyə və tapşırıqlar verilib.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə beş ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. 75 ölkədən 300 şagirdin iştirak etdiyi 46-cı olimpiada 2013-cü ildə Vyetnamın Hanoy şəhərində təşkil olunub. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edirlər. Onlar bu günədək 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən 47-ci Beynəlxalq Kimya Olimpiadasının 2015-ci il iyulun 20-dən 29-dək Bakı şəhərində keçirilməsi qərara alınıb. Təhsil Nazirliyi tərəfindən bu məqsədlə müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda, dünyanın 80-dək ölkəsinin qatılacağı olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.
47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) artıq istifadəyə verilib.