REGİONLAR
Tibbi-Sosial Ekspert Komissiyasının yeni inzibati binası istifadəyə verilib VİDEO
Şabran, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 14-də Şabran şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin (ƏƏSMN) Şabran və Siyəzən rayonları üzrə 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni inzibati binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində son 6 ayda ölkənin 15 bölgəsi üzrə TSEK-lərin müasir iş şəraiti ilə təmin edildiyi bildirilib. Qeyd olunub ki, həmin komissiyalar, eyni zamanda, tibbi-sosial ekspertiza xidməti üçün müasir avadanlıqlarla da təmin edilirlər.
Mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki görülən tədbirlər normal iş şəraitində vətəndaşların əlillik müayinələrinin aparılmasına, onlara keyfiyyətli xidmət göstərilməsinə imkan verir. ƏƏSMN-in eyni bölgə üzrə strukturlarının bir inzibati binada yerləşməsi vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə bağlı yalnız bir ünvana müraciət etməsinə, onlara əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı vahid məkandan xidmətlərin göstərilməsinə şərait yaradır.
Tədbirdə Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sisteminin üstünlüklərindən söhbət açılıb. Bildirilib ki, bu sistem əlillik təyinatı prosesində aidiyyəti təşkilatlar arasında müvafiq məlumatların elektron şəkildə mübadiləsinə xidmət edir. Bu da həmin təşkilatlar arasında kağız arayışların daşınması praktikasına son qoyulmasına, nəticədə əlillik təyinatında məmur-vətəndaş münasibətlərinin minimuma enməsinə və şəffaflığın təmin olunmasına yönəlib.
Binanın rəsmi açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları Şabran və Siyəzən rayonları üzrə 14 saylı TSEK-in yeni inzibati binası ilə tanış olublar. Burada aparılan ayrı-ayrı əlillik müayinəsi işlərinə, əlillik müayinələrinin nəticələri ilə müvafiq məlumatların elektron məlumat bazasına daxil edilməsi prosesinə baxış keçirilib.
Bina müasir tibbi avadanlıqlarla təmin edilib.