MƏDƏNİYYƏT
Müğənni Elnarə yeni mahnısını şəhidlərimizin xatirəsinə ithaf edib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Müğənni Elnarə Xəlilova 20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində yeni mahnısını təqdim edib.
AZƏRTAC-a müsahibəsində müğənni “Aman” adlı kompozisiyanı bütün Azərbaycan şəhidlərinin xatirəsinə ithaf etdiyini deyib.
E.Xəlilova bildirib ki, 20 Yanvar faciəsindən 25 il keçir. O dəhşətli gecəni unutmaq mümkün deyil: “Bu gün hamımızın ürəyində bir nisgil var. Hamı kimi mən də Vətənimizin işğal altında olan torpaqlarının tezliklə azad olunacağı günü böyük inam hissi ilə gözləyirəm. Bizim borcumuz xalqa vətənpərvərlik ruhunu aşılamaqdır. Təbii ki, mahnımızla, səsimizlə, sözümüzlə. Düşünürəm ki, bu da mənim ideoloji müharibəmdir. Ehtiyac yaranarsa əlimə silah da ala bilərəm. Allah şəhidlərimizə rəhmət etsin!”
E.Xəlilova şəhidlərimizin ruhuna ithaf etdiyini kompozisiyanın söz və musiqisinin Günel Sərdarqızına, aranjemanın isə Yaşar Baxışa məxsus olduğunu bildirib. Mahnıya klip çəkiləcəyini deyən müğənni, rejissor Rövşən Cahangirovun ekranlaşdıracağı kompozisiyanı Şuşanın işğal günü ərəfəsində təqdim etməyini planlaşdırdığını söyləyib.