İQTİSADİYYAT
Bakı-Ələt avtomobil yolunun bir hissəsində işlərin 80-85 faizi yekunlaşıb

Bakı, 24 yanvar, AZƏRTAC
Bakı-Ələt avtomobil yolunun 4-6-cı kilometr hissəsində yenidənqurma işlərinin 80-85 faizi artıq yerinə yetirilib.
Layihəni həyata keçirən “AZVİRT” MMC-nin texniki-iqtisadiyyat şöbəsinin rəisi Nəriman Nağıyev AZƏRTAC-a bildirib ki, avtomobil yolunun bu hissəsindəki işlərin tam başa çatdırılması 2015-ci ilin mart ayına nəzərdə tutulur.
Şirkət nümayəndəsi Heydər Əliyev Beynəlxalq Hava Limanı- Mərdəkan-Bilgəh avtomobil yolunun 24-cü kilometr hissəsindən Qala-Pirallahı avtomobil yollarının yenidən qurulması layihəsinin də çox böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd olunub ki, layihələndirilən avtomobil yolunun əsas məqsədi hava limanı, Mərdəkan dairəsi və Bilgəh qəsəbəsi istiqamətindəki yüz minlərlə əhalinin yaşadığı kənd və qəsəbələr, habelə istirahət zonaları arasında iqtisadi cəhətdən daha səmərəli, təhlükəsiz və rahat nəqliyyat əlaqəsi yaratmaqdır.
Altıağac-Xızı avtomobil yolunun yenidən qurulması layihəsinə toxunan N.Nağıyev deyib ki, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına sözügedən yolun tikintisi üzrə işlər müəyyən edilmiş cədvəl üzrə davam etdirilir.
Magistral yolun 2016-cı ilə tam başa çatdırılması planlaşdırılır.