ELM VƏ TƏHSİL
82 nömrəli məktəbin məzunları üçün “Son zəng” çalınıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlanıb, onbirincilər tədbir iştirakçıların alqışları altında meydana daxil olublar.
AZƏRTAC xəbər verir ki, tədbiri girış sözü ilə məktəbin direktoru Leyla Fətiyeva açaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Leyla Fətiyeva ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, uşaqların sağlam və bilikli böyüməsi üçün həyata keçirilən islahatlardan və dövlət proqramlarından, məktəb kollektivinin qazandığı uğurlardan, şagirdlərin əldə etdikləri nailiyyətlərdən söz açıb. Bildirib ki, builki buraxılış və ali məktəblərə qəbul imtahanının birinci mərhələsində məktəbin məzunları uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər. Direktor qəbul imtahanının növbəti mərhələsində də onbirincilərə böyük ümidlər bəslədiyini söyləyib. Diqqətə çatdırıb ki, bu il məktəbin XI sinfini 81, IX sinfini isə 103 nəfər bitirir.
Direktor məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, dünyanın istənilən yerində dövlətimizin, xalqımızın adını uca tutmağı, müəllimlərinin və valideynlərinin etimadını doğrultmağı tövsiyə edib.
Onbirinciləri təbrik edən sinif rəhbərləri və müəllimləri bu gündən etibarən onların həyatında yeni mərhələnin başlandığını söyləyib, gənclərə daim bilik və bacarıqlarını artırmağı, qarşıdakı imtahanlarda və peşə seçimində daha diqqətli olmağı tövsiyə ediblər.
XI b sinfinin rəhbəri Gülər Mustafayeva deyib: “Əziz məzunlar, bu gün siz 11 illik məktəb illərinə əlvida deyib, müstəqil həyata qədəm qoyursunuz. Arzu edirəm ki, peşəsindən asılı olmayaraq hər zaman hər yerdə məqsədiniz Vətənə sədaqətlə xidmət etmək, ölkəmizi layiqincə təmsil etmək olsun”.
Valideynlər və digər qonaqlar da məzunlara xoş arzularını çatdırıblar. Müstəqil Azərbaycanın gələcəyi üçün bilikli, ləyaqətli və vətənpərvər gənclər yetişdirən müəllimlərə, məktəbin kollektivinə minnətdarlıqlarını bildiriblər.
“Biz dövlətimizin, məktəbimizin, valideynlərimizin adına layiq olacağıq”, - deyən məzunların çıxışları, mənalı ürək sözləri gənclərə olan inamı bir daha artırdı.
Sonra tədbir bədii hissə ilə davam edib. Məzunlar məktəbə, müəllimə həsr olunan şeir və mahnılar söyləyib, maraqlı rəqslər ifa ediblər.
Sonda on birincilər üçün “Son zəng” çalınıb.