MƏDƏNİYYƏT
83-cü “Oskar” Mükafatının təqdimat mərasiminin aparıcılığını aktyorlar Ceyms Franko və Enn Heteuey həyata keçirəcəklər
Bakı, 2 dekabr (AZƏRTAC). “Oskar” mükafatının təntənəli təqdimetmə mərasiminin aparıcılarının adları məlum olmuşdur.
AZƏRTAC mükafatın rəsmi internet saytına istinadla xəbər verir ki, 83-cü Oskarın aparıcılığını aktyorlar Ceyms Franko və Enn Heteuey həyata keçirəcəklər. Təqdimetmə mərasiminin prodüserləri Brüs Koen və Don Mişer demişlər ki, Ceyms Franko və Enn Heteuey Hollivud ailəsinin yeni və gənc, enerjili, hərtərəfli istedadlı nəslini təmsil edirlər. Ekspertlərin fikrincə, Ceyms Franko və Enn Heteuey müxtəlif nominasiyalarda mükafata iddialı ola bilərlər. Belə ki, Franko özü “Oskar” mükafatçısı Denni Boylun “127 saat” trillerində çəkilmişdir. O, filmdə uçqunun altından sağ çıxmaq naminə öz əlini kəsməyə məcbur olan alpinist rolunu canlandırmışdır. Enn Heteuey bununla yanaşı, Ceyk Qillenhaal ilə birlikdə “Məhəbbət və digər dərmanlar” filmində çəkilmişlər.
Xatırladaq ki, “Oskar” mükafatına namizədlərin adı 2011-ci il yanvarın 25-də açıqlanacaqdır. Mükafatın təqdimat mərasimi isə, həmin il fevralın 27-də Los-Ancelesdəki “Kodak” kinoteatrında olacaqdır.