REGİONLAR
Naxçıvanlı şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bölgələrə yola düşüblər VİDEO
Naxçıvan, 17 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından 160 nəfər IX-XI sinif şagirdi 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Bakıda 4 qrupa ayrılacaq naxçıvanlı şagirdlər Lənkəran, Astara, Masallı, Quba, Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Göygöl, İsmayıllı, Şəki, Qəbələ istiqamətlərində səfər edəcək, həmin rayonlardakı tarixi-mədəni abidələrlə tanış olacaqlar.
Tur-aksiyanın əhəmiyyətindən danışan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Abdulla Əsgərov bildirib ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından əhəmiyyət kəsb edir.
Abdulla Əsgərov qeyd edib ki, tur-aksiyada iştirak edənlər ötən aylarda Naxçıvanda keçirilən test-sınaq imtahanlarında 450-700 arasında bal toplayan şagirdlərdir.
X X X
Naxçıvan Muxtar Respublikasından yola çıxan şagirdləri Bakıya gətirən təyyarə elə həmin gün axşamüstü Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə endi.
Culfa rayonundan olan orta məktəb şagirdi Hüseyn Əsgərov deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. “Ölkəmizi tanıyaq” layihəsi sayəsində mən də bu arzuma qovuşmuşam. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın hərtərəfli inkişafına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin dünyagörüşünün zənginləşməsində, ölkəmiz haqqında biliklərin artmasında əvəzsiz rol oynayır”.
Naxçıvan şəhər qızlar liseyinin şagirdi Əfsanə Hüseynova isə layihədə iştirak etməsinə şad olduğunu bildirib: “Azərbaycan bölgələrinin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuşdum. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə görəcəyəm. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Sonra tur-aksiya iştirakçıları avtobuslarla bölgələrə yola düşdülər.