CƏMİYYƏT
Bakıda “Yer saatı” keçirilib VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Bakıda “Yer saatı 2015” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyi, Dünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyi və “Green Baku” təşkilatının dəstəyi ilə baş tutan tədbirdə 200-dən artıq gənc iştirak edib.
Bir saat davam edən tədbir zamanı iştirakçılar şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının söndürülməsini müşahidə etməklə yanaşı, simvolik şamların yandırılması prosesində və velosiped yürüşündə iştirak ediblər.
Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin tərəfdaşlığın inkişafı və ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova AZƏRTAC-a bildirib ki, hər il bu qlobal aksiyada iştirak edən ölkələrin sayı artır. “Əgər 2014-cü ildə “Yer saatı” aksiyasında 156 ölkənin sakini iştirak etmişdisə, bu il isə onlara daha 16 ölkənin (İsrail, Əlcəzair, Kamerun, Venesuela və s.) sakini qoşulub. Bundan əlavə, bu il aksiya zamanı müxtəlif ölkələrdə yerli vaxtla 20.30-da 1220 binanın, həmçinin UNESCO-nun dünya irsi siyahısından 40 abidə üzərində işıqlar 1 saat söndürüldü”, - deyə o bildirib.
Qeyd edək ki, ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə başlanmış “Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir. Hər il keçirilən "Yer saatı" kampaniyası zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər. Bu il keçirilmiş kampaniya çərçivəsində dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün bir araya gəliblər.
Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğu və uğurla keçirilməsinə töhfə verdiyinə görə Heydər Əliyev Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, ADA Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Alov qüllələri" kompleksi, “Hilton Baku” hoteli, “JW Marriott Absheron Baku” hoteli, “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə öz minnətdarlığını bildirir.