CƏMİYYƏT
Nazirlər Kabineti birinci Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Nazirlər Kabineti birinci Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib.
Sərəncamda 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək paytaxtda fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməsi əksini tapıb:
- işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək;
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Sərəncamda, həmçinin Bakıda fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi - işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün isə saat 8:30-dan saat 17:30-dək tövsiyə edilir.
Bundan başqa, Gənclər və İdman, Nəqliyyat nazirliklərinə, Bakı Şəhər İcra Hakimiyyətinə bu sənəddə nəzərdə tutulmuş tədbirlərlə bağlı 2015-ci il aprelin 1-dən etibarən əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılmasını təmin etmək tapşırılıb. Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti isə paytaxtda avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidir.