İQTİSADİYYAT
Serbiyanın Baş naziri Aleksandr Vuçiç “AzVirt” MMC-də olub

Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyəti respublikamızın nəqliyyat infrastrukturunun inkişafında məxsusi rol oynayan “AzVirt” MMC-də olub.
AZƏRTAC xəbər verir ki, “AzVirt” MMC-nin direktoru Kamil Əliyev şirkətin Serbiyada icra etdiyi Belqrad-Juzni Jardan magistral yolunun tikintisi ilə bağlı məlumat verib. Bildirilib ki, bu yolun tikintisində çalışan işçilərin 20 faizi azərbaycanlı, 80 faizi isə yerli mütəxəssislərdir.
İnşaat işlərindən bəhs edən K.Əliyev ümumilikdə magistral yolun tikintisi ilə əlaqədar ciddi problemlərin olmadığını deyib. Bununla belə, tikintini vaxtında başa çatdırmaq üçün qarşıya çıxan bəzi məsələlərin operativ həllinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Serbiyanın Baş naziri Aleksandr Vuçiç layihənin hökumət səviyyəsində dəstəkləndiyini və bu sahədəki bütün problemlərin həlli istiqamətində işçi qrupun yaradılması təklifini irəli sürüb. Baş nazir ölkəsi üçün mühüm əhəmiyyət kəsb edən yolun çəkilişinin 2016-cı ilədək yekunlaşdırılacağına ümidvar olduğunu söyləyib.
Qeyd edək ki, Serbiyanın mərkəzi hissəsindən - Sumadija və Ostruznica regionlarından keçərək Pozegaya uzanan Belqrad - Cənubi Adriatik avtomobil magistralı Serbiya və Monteneqronu, həmçinin Belqradı və onun ətraf ərazilərini Cənubi Adriatiklə birləşdirən ən qısa yoldur.
Bu regionun yol şəbəkəsi bir sıra sənaye şəhərlərini (Lazarevac, Gornji Milanovac, Valјevo, Cacak, Pozega, Uzice) birləşdirir və E-75 avtomobil yolu ilə birlikdə Serbiyanın yol-nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edir.