DÜNYA
Rusiya Prezidenti növbəti canlı yayımda vətəndaşların suallarını cavablandırıb VİDEO
Moskva, 16 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin aprelin 16-da canlı yayımda ölkə vətəndaşlarının suallarına cavab verib. Artıq 13-cü dəfə keçirilən birbaşa xətt 3 saatdan artıq davam edib. Redaksiyaya 3 milyondan çox sual və müraciət daxil olub.
Birbaşa ünsiyyətdən əvvəl Rusiya Prezidenti 2014-cü ilin yekunlarından danışıb və qeyd edib ki, nə qədər çətin olsa da sosial öhdəliklər yerinə yetirilib, əmək haqları və pensiyalar artırılıb, işsizliyin artmasına imkan verilməyib. Vladimir Putinə sual verənlər arasında siyasətçilər - İrina Xakamada, keçmiş maliyyə naziri Aleksey Kudrin, “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru Anatoli Torkunov və başqaları da olub.
Prezident Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılacağına ümid bəsləmədiyini söyləyərək bildirib ki, bu sanksiyalar siyasi və strateji xarakter daşıyır və onlardan ölkənin, ilk növbədə kənd təsərrüfatının inkişafı üçün istifadə etmək lazımdır.
Vladimir Putin qeyd edib ki, Rusiyanın imperiya iddiaları yoxdur. Lakin xaricdə, o cümlədən MDB ölkələrində rusların layiqli yaşamasını təmin etmək üçün əməkdaşlıq və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək lazımdır. Rusiya Prezidenti imperator II Aleksandrın sözlərini xatırladaraq deyib ki, Rusiyanın yalnız iki dostu var, bu, ordu və hərbi donanmadır. O, həmçinin müasir dövrün təhlükələri, terrorizm və ksenofobiya ilə mübarizə aparmağın vacibliyini vurğulayıb.
Qərb və ABŞ ilə münasibətlərin bərpa edilməsinin şərtlərindən danışan Rusiya Prezidenti qeyd edib ki, ilk növbədə Rusiyaya və onun maraqlarına hörmətlə yanaşılmalıdır. O, həmçinin beynəlxalq birliyin üzvlərindən heç birini Rusiyanın düşməni hesab etmədiyini və ölkəsinin heç kimlə müharibə etmək niyyətində olmadığını söyləyib. Eyni zamanda, Rusiyanın müdafiə qabiliyyətinin daim artırılacağını da nəzərə çatdırıb.
Rusiya Prezidenti ölkədə idarəçiliyin, hüquq mühafizə orqanlarının və məhkəmə sisteminin işinin yaxşılaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
İrana C-300 komplekslərinin satışının bərpa edilməsi ilə bağlı suala cavabında Vladimir Putin qeyd edib ki, bu müqavilə 2007-ci ildə imzalanıb, 2010-cu ildə Prezident fərmanı ilə müqavilənin həyata keçirilməsi dayandırılıb. Hazırda Yəmən hadisələri ilə əlaqədar bu komplekslərin İrana satışı qabaqlayıcı amil ola bilər.
Prezidentin fikrincə, müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi “biabırçı hadisədir”. “Qətlin sifarişçilərinin tapılıb-tapılmayacağını deyə bilmərəm. Bu, istintaqın gedişində məlum olacaq”, - deyə Vladimir Putin əlavə edib.
9 May - Qələbə günü münasibətilə Moskvada keçiriləcək nümayişdə dövlət başçılarının iştirakı ilə bağlı suala cavabında Prezident bildirib ki, Qələbənin 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edib- etməmək hər bir siyasətçinin və təmsil etdiyi ölkənin öz seçimidir. Qələbə gününü qeyd etməklə biz qalib nəslə ehtiramımızı bildiririk.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva