MƏDƏNİYYƏT
“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi İsveç oldu VİDEO
Vyana, 24 may, AZƏRTAC
Avstriyanın paytaxtı Vyananın “Vienner Şdathal” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin final konserti olub.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müsabiqənin açılışında rəqqaslar iştirakçı ölkələrin bayraqları ilə rəngarəng hərəkətlər təqdim ediblər. Müsabiqənin ötənilki qalibi avstriyalı Konçita Vürst yarışma iştirakçılarını səhnəyə dəvət edib. Sonra möhtəşəm şou nümayiş olunub. Təqdim olunan hər bir ölkənin videoçarxında “Körpüləri birləşdirək” şüarı əsas götürülüb.
“Eurovision-2015” şousunun aparıcıları Mirjam Veişselbraun, Alise Tumler və Arabella Kiesbauers bu mötəbər layihənin tamaşaçılarını salamlayaraq iştirakçılara uğurlar arzulayıblar.
İyirmi yeddi ölkənin iştirakı ilə keçirilən final şousunda Azərbaycan təmsilçisi Elnur Hüseynov iyirmi dördüncü nömrə altında isveçli Sandra Byurman, Nikolas Rebşer, Niklas Lif və Lina Hansonun birgə bəstəsi olan “Hour of wolf” mahnısını təqdim edib.
Çıxışlardan sonra təmsilçilərə səs göndərmək üçün 15 dəqiqə vaxt ayrılıb. “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Onların səsləri final şousu başa çatanadək gizli saxlanılır və müsabiqənin yekununda tamaşaçı səslərinin üzərinə əlavə olunur.
Azərbaycandan 8 səs İtaliyaya, 10 səs Gürcüstana, 12 səs isə Rusiyaya verilib.
İştirakçı ölkələrin əksəriyyətinin ən yüksək hesab olunan 8, 10 və 12 ballıq səsləri İsveç təmsilçisi Masn Zelmerlevə verməsi təbii qarşılanıb. Çünki müsabiqənin ilk günlərindən çoxları məhz onu favorit sayırdı.
Beləliklə, ümumi səsvermənin yekununda İsveç təmsilçisi Masn Zelmerlev 365 səs toplayaraq müsabiqənin birincisi olub. Polina Qaqarina (Rusiya) 303 səslə ikinci, İl Volo (İtaliya) isə 292 səslə üçüncü yerləri tutublar. Azərbaycan təmsilçisi Elnur Hüseynov on ikinci yerdə qərarlaşıb.
Müsabiqənin ənənəsinə uyğun olaraq, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ifasını təkrarlayıb. Ona yarışmanın rəmzi olan “Billur mikrofon” təqdim edilib.
Daha sonra qalib ölkənin təmsilçisi “Vienner Şdathal” arenanın Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırıb.
Avstriyanın ev sahibliyi etdiyi “Eurovision-2015” mahnı müsabiqəsinin bütün şouları 45-ə yaxın ölkədə birbaşa yayımlanıb.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana