REGİONLAR
Qusarın Yasab kəndində yeni su təchizatı sistemi qurulub VİDEO
Qusar, 3 iyun, Elxan Yusifli, AZƏRTAC
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Qusar rayonunun Yasab kəndində yeni su təchizatı sistemi qurulub.
AZƏRTAC xəbər verir ki, iyunun 3-də Yasab kəndində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılan layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi layihənin əsas məqsədinin Yasab kəndinin su təminatının daha da yaxşılaşdırmasından ibarət olduğunu bildirib. Diqqətə çatdırılıb ki, “Qusar rayonunun Yasab kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə 103 min ABŞ dolları dəyərindəki qrant müqaviləsi səfirlik ilə “Vətəndaş cəmiyyəti naminə” qeyri-hökumət təşkilatı arasında yeddi ay əvvəl imzalanıb. Bundan əvvəl isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Qusarda şəhər 5 saylı məktəbin yenidən tikintisi və rayonun Piral kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi layihələri də həyata keçirilib. Bu layihələr də daxil olmaqla, Azərbaycanda imzalanmış qrant müqavilələrinin ümumi sayı 199, dəyəri isə 16 milyon 952 min ABŞ dolları təşkil edir.
Mərasimdə qeyd olunub ki, bu kimi layihələrin icrası Yaponiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.
Açılış mərasimindən sonra Yaponiyanın ölkəmizdəki səfiri, Qusar Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və kənd sakinləri yeni su təchizatı sistemi ilə yaxından tanış olublar.