ELM VƏ TƏHSİL
Rusiyanın azərbaycanlı gəncləri “Nə? Harada? Nə vaxt?” intellektual olimpiadası keçiriblər
Moskva, 8 iyun, AZƏRTAC
İyunun 7-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə “Nə? Harada? Nə vaxt?” intellektual olimpiadası keçirilib. Moskva ali məktəblərinin tələbələri üçün gözəl ənənəyə çevrilən bu oyun Heydər Əliyev fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.
Bu silsilə oyunlar bir neçə gündən sonra Bakıda start götürəcək birinci Avropa Oyunlarına həsr edilib. Tədbirin aparıcıları “Nə? Harada? Nə vaxt?” oyunu üzrə “Büllur bayquş” mükafatçıları Vladimir Antoxin və Dmitri Avdeyenko olublar. Onlar əfsanəvi bilici, “Büllur bayquş” mükafatçısı Rövşən Əsgərovu əvəz ediblər.
Avropa Oyunları məşəlçilərinin estafetində iştirakı ilə əlaqədar Bakıda olan Rövşən Əsgərov komandalara salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev tədbirin fəxri qonağı olub. O, RAGB-ın sədri Leyla Əliyevaya minnətdarlığını bildirib və Azərbaycan gənclərinin ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinin vacib olduğunu söyləyib.
“Breyn-rinq” 3 dövrədən ibarət olub. Hər dövrədə 10 sual verilib. Ümumiyyətlə, səsləndirilmiş 30 sualı Vladimir Antoxin və Dmitri Avdeyenko Rövşən Əsgərovla birlikdə tərtib ediblər. Turnirdə ölkənin aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak ediblər. Oyunun yekunları üzrə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) və M.A.Lomonosov adına Moskva Dövlət Universitetinin komandaları irəli çıxıblar. Onlar həlledici raundda birincilik uğrunda mübarizə aparıblar.
Son turda 19:18 hesabı ilə MDU komandası qələbə qazanıb. Turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi olub. İştirakçılar xatirə şəkli çəkdirib, intellektual oyunun sevimli oyunçuları Vladimir Antoxindən və Dmitri Avdeyenkodan avtoqraflar alıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva