REGİONLAR
Şəkidə tanınmış dövlət xadimi Soltan Əzizovun 95 illiyi qeyd olunub
Şəki, 11 iyun, AZƏRTAC
Şəkinin tanınmış şəxsiyyətlərindən olan Soltan Əzizovun 95 illiyi münasibətilə doğulduğu şəhərdə xatirə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəki Musiqi Kollecində şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən xatirə tədbirində Soltan Əzizovun şərəfli ömür yolundan, dövlət orqanlarındakı səmərəli fəaliyyətindən, xidmətlərindən ətraflı bəhs edilib.
Bildirilib ki, 1920-ci ildə Şəki şəhərində anadan olan Soltan Əzizov Böyük Vətən müharibəsinin iştirakçısı olub, ön cəbhədə qəhrəmanlıqlar göstərib. Müharibədən qayıtdıqdan sonra S.Əzizov bir sıra yüksək dövlət vəzifələrində çalışıb, ölkəsinə layiqincə xidmət edib. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, üç dəfə “Qırmızı Əmək Bayrağı”, həmçinin Lenin, “Şərəf nişanı” ordenləri və bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunub. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib.
Dövlət orqanlarındakı xidmətlərini nəzərə alaraq Şəki şəhərindəki küçələrdən birinə onun adı verilib.
Tədbirdə Soltan Əzizovun yaxınları çıxış edərək, yubileyin keçirilməsinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildiriblər.
Yubiley tədbiri bədii proqramla başa çatıb.