REGİONLAR
Ağdam və Ağcabədi rayonlarında protez-ortopedik bərpa xidməti göstərilib VİDEO
Ağdam, 12 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti davam etdirilir.
AZƏRTAC xəbər verir ki, ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyunun 12-də Ağdam və Ağcabədi rayonlarında əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərib.
Bərpa Mərkəzinin direktor müavini Ədalət Quliyev AZƏRTAC-a bildirib ki, gün ərzində davam edən tədbir çərçivəsində Ağdam rayonu üzrə 59, Ağcabədi rayonu üzrə 50 nəfər olmaqla, ümumilikdə 109 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar xidmət göstərilib. Müraciət edənlər yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri (əsa, karset, qoltuqaltı və s.) ilə təmin olunublar.
Qeyd edək ki, mərkəzin səyyar tibbi-texniki briqadası iyunun 10-da Ucar, Ağdaş, iyunun 11-də Bərdə və Tərtər rayonlarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstəriblər. Səyyar briqada iyunun 13-də Zərdab rayonunda səyyar xidməti davam etdirəcək.