CƏMİYYƏT
Vətəndaşlar nikah üçün tələb olunan tibbi arayışı “ASAN xidmət”dən əldə edə biləcəklər VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, arayış üçün nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surətini təqdim etmək lazımdır.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.
Yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.