REGİONLAR
Xaçmaz şəhər seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 260 üzvü maarifləndirici treninqlərə cəlb olunub VİDEO
Xaçmaz, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində təşkil olunan treninqlərə oktyabrın 12-də 55 saylı Xaçmaz şəhər seçki dairəsində uğurla start verilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində keçirilən treninqlər gün ərzində iki dəfə olmaqla, hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə təşkil edilir.
Dörd gün davam edəcək treninqlər 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 42 məntəqəsi üzrə, ümumilikdə 260 aşağı seçki komissiyası üzvünü əhatə edir.
Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Dairə seçki komissiyasının sədri Bəhram Ömərov AZƏRTAC-a bildirib ki, treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.