REGİONLAR
Vətəndaş forumunun iştirakçıları miqrasiya məsələləri ilə bağlı maarifləndiriliblər VİDEO
Qusar, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 20-də Dövlət Miqrasiya Xidməti tərəfindən Qusar şəhərində keçirilən “Açıq qapı günü” - vətəndaş forumunun iştirakçıları vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları və qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı maarifləndiriliblər.
AZƏRTAC xəbər verir ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq keçirilən regional tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, işəgötürənlər, sahibkarlar iştirak ediblər.
Bildirilib ki, tədbirin məqsədi ictimaiyyəti Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və göstərdiyi müasir xidmətlərlə yaxından tanış etməkdir. “Açıq qapı günü”ndə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşam icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti, qeydiyyatla bağlı hüquqi prosedurlar, yaradılan rahat, çevik və modern xidmətlər əyani şəkildə vətəndaşlara və kütləvi informasiya vasitələri nümayəndələrinə nümayiş etdirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin elektron və onlayn xidmətləri barədə də geniş məlumat verilib. Qurumun istifadəyə verdiyi 10-u elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub. Bildirilib ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq elektron qaydada da qəbul edilir.
Görüşün sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb, təqdimatla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl eyni mövzuda tədbirlər Lənkəran, Gəncə, Xaçmaz, Şirvan, Şəki, Sabirabad, eləcə də digər şəhər və rayonlarda da təşkil edilib.