REGİONLAR
Xaçmaz şəhər seçki dairəsində ən yaşlı seçicinin 101 yaşı var VİDEO
Xaçmaz, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
O, doğulanda Şərqdə qadının səs vermək hüququ yox idi. İlk dəfə Azərbaycan qadınlarının səs vermək hüququ əldə etdiyi Xalq Cümhuriyyəti dövründə isə cəmi 4-5 yaşı vardı. Söhbət noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Xaçmaz rayonundan qeydə alınan ən yaşlı seçici Bibixanım Məmmədovadan gedir.
AZƏRTAC xəbər verir ki, ömrünün 101-ci payızını yaşayan Bibixanım Məmmədova 1914-cü ildə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində doğulub. İkinci Dünya müharibəsi illərində arxa cəbhədə iştirakına görə medallarla təltif olunan Bibixanım Məmmədova həm də “Qəhrəman ana”dır. Onun 8 övladı, 18 nəvəsi və 10 nəticəsi var.
Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Bibixanım Məmmədovanın indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilib.
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Bibixanım Məmmədova 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 27 saylı məntəqəsində səs verəcək. O, bu dairə üzrə yaşı 100-dən keçən yeganə seçicidir. Dairə üzrə yaşı 90-dan çox olan seçicilərin sayı 47, yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 554 nəfərdir.
Ümumilikdə isə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 43 min 743 nəfər seçici qeydiyyatdadır.