İQTİSADİYYAT
“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “8 Mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özülün modernləşdirilməsi və daha keyfiyyətli istismarını təmin etmək məqsədilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılıb. Həmçinin 28 svay vurulub, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilib, işıqlandırma işləri görülüb.
İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən özülün tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.