DÜNYA
8 yaşlı dahi: yeni Bill Geyts böyüyür
Baki, 17 yanvar (AZƏRTAC). Onun cəmi 8 yaşı olsa da, ölkəsinin internet və telekommunikasiya sahəsindəki ən ciddi ümidlərindən biri sayılır. İngiltərənin Satton Koldfild şəhərindəki "New Oscott School"un 8 yaşlı şagirdi Cey Uilyam Birmingem yaxınlığındakı Erdinqton şəhərində yaşayır. Mütəxəssislər onu "dahi", "yeni Bil Geyts" adlandırırlar.
AZƏRTAC “The İndependent”ə istinadla xəbər verir ki, 2 yaşında kompyuterdə rahat işləməyə başlayan Cey 5 yaşına çatanda artıq proqramlar yazır, kompyuterlərdə yaranan problemləri asanlıqla həll edirdi. İstedadlı uşağın anası, 36 yaşlı Sara Uilyamın dediyinə görə, oğlu 2 yaşında olanda ailə üzvlərini və qonşuları heyrətləndirməyə başlamışdır.
Sara xanım bildirmişdir ki, Cey çox kiçik olsa da, kompyuterdə rahat işləyirdi. Oğlum 5 yaşına çatanda isə onu qonşular kompyuterlərini təmir etməyə çağırırdılar. Oğlumdakı bu istedadın itib-batmaması üçün onun internet və proqramlaşdırma dərsləri ala biləcəyi internet klub tapdım. Cey orada çalışmağa, öyrənməyə başladı.
Cey 5 yaşında olanda Avropadakı şirkətlərdən biri üçün sayt da hazırlamışdır.
Vunderkindlə Britaniyanın ən böyük, dünyanın isə ən iri telekommunikasiya şirkətlərindən biri "British Telecom" maraqlanmağa başlamışdır.
Korporasiya Ceyə "İnternet reynceri" mükafatı da vermişdir.