DÜNYA
İtaliyalı nazir: Əfqanıstanda səfirliyin binası yaxınlığındakı partlayış İtaliyaya qarşı təxribat deyil VİDEO
Roma, 18 yanvar, AZƏRTAC
İtaliyanın Əfqanıstandakı səfirliyinin binası yaxınlığında baş vermiş partlayış ölkəmizə qarşı yönəlmiş təxribat deyil.
Bu sözləri Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısında iştirak edən İtaliyanın xarici işlər naziri Paolo Centiloni məsələyə münasibət bildirərkən deyib.
İtaliyalı nazir bu təxribatın daha çox ümumilikdə Qərbin Əfqanıstandakı diplomatik missiyalarına və NATO-ya qarşı yönəldiyini bildirib. Qeyd edib ki, hər hansı bir səfirliyin binası yaxınlığında partlayışın baş verməsi birbaşa həmin ölkəyə qarşı planlaşdırılmış addım deyil, bu, terrorçu qruplaşmaların siyasi oyunlarının davamıdır. Bu, ilk deyil və son da olmayacaq.
Nazir İtaliyanın Əfqanıstandakı səfirliyində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac olmadığını da bildirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma