DÜNYA
Maltanın Avropa İttifaqına sədrliyi dövründə gündəmdə olacaq məsələlər müzakirə edilib VİDEO
Valletta, 2 fevral, AZƏRTAC
Məlum olduğu kimi, gələn il Avropa İttifaqına (Aİ) sədrlik 6 ay müddətinə Maltaya keçəcək. Həmin müddətdə qurumun gündəliyindəki məsələlərin müəyyənləşdirilməsi Malta hökumətinin uzun müddətdir diqqət mərkəzindədir. Bu ölkənin Baş nazirinin müavini, Avropa işləri üzrə nazir Luis Qrex Aİ Şurasının baş katibi Jeppe Taranholm-Mikelsen ilə görüşündə müvafiq məsələ ilə bağlı müzakirələr aparıb.
Söhbət zamanı L.Qrex Maltanın Aİ-yə sədrliyi dövründə qitəni və onun sakinlərini maraqlandıran bütün aktual məsələlərin gündəmdə olacağını qeyd edib. O deyib: “Hazırda Aİ həssas dönəm yaşayır. Miqrasiya, təhlükəsizlik kimi məsələlər önəmli məqamlardır. Eyni zamanda, yoxsulluqla mübarizə, dənizçilik, enerji sektoru da diqqət mərkəzində olacaq”. L.Qrex, eyni zamanda, Aİ-nin Avropanın digər institutlarla daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Jeppe Taranholm-Mikelsen isə ötən il keçirilmiş Valletta Sammitinin uğurlu nəticələr verdiyini vurğulayıb və Maltanın Aİ-yə sədrliyi dövründə önəmli irəliləyişlərə nail olunacağına əminliyini bildirib.
Qeyd edək ki, 2009-cu ildə Lissabon Sazişi ilə təklif edilən “üçlük” sisteminə əsasən Aİ-yə üzv ölkələrdən üçü quruma altı aylıq sədrlik dövründə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Hazırkı üçlük – Niderland, Slovakiya və Malta belə razılığa gəliblər ki, Maltanın sədrliyi dövründə gündəlikdə duran məsələlərin siyahısı geniş olmasın, daha önəmli məsələlərə diqqət ayrılsın.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta