DÜNYA
Kabildə partlayış: azı 20 nəfər həlak olub, 200 nəfər yaralanıb VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Əfqanıstanın paytaxtında törədilən partlayış nəticəsində azı 20 nəfər həlak olub, xəsarət alanların sayı 200 nəfərə çatıb. Bununla yanaşı, Hama Press agentliyi insident nəticəsində 30 nəfərin həyatını itirdiyi barədə məlumat yayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyi istinadla xəbər verir ki, aprelin 19-da səhər saatlarında kamikadze minalanmış avtomobili Kabil şəhərinin mərkəzində partladıb. Həmin ərazidə ABŞ səfirliyi, Milli Təhlükəsizlik İdarəsinin mənzil-qərargahı və Müdafiə Nazirliyinin binası yerləşir.
Partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.
Xatırladaq ki, son aylar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bir müddət əvvəl ölkənin kənd rayonlarında xeyli əraziyə yiyələnən “Taliban” iri şəhərlər uğrunda hərbi əməliyyatlara başlayıb. Ölkə ərazisində, həmçinin İŞİD qruplaşmasının da nüfuzu artmaqda davam edir.