CƏMİYYƏT
ASAN könüllüləri Uqandada su quyusu qazıblar VİDEO
Bakı, 22 iyun, Xanım Nağıyeva, AZƏRTAC
İyunun 22-də “ASAN xidmət” mərkəzində “Afrikaya bir sovqat, bir təbəssüm də sən oyat” adlı beynəlxalq yardım kampaniyasının yekununa həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Türk Əməkdaşlığı və Əlaqələndirmə Agentliyinin (TİKA) Bakı nümayəndələrinin əməkdaşı Elmir Laçınov, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov, Bakı Türk Anadolu liseyinin müdir müavini Ömər Durak, Uqandada həkim olaraq iştirak etmiş Rəşad Tahirov və “Könüllü Gənclər” İctimai Birliyinin üzvü Nurlan Məmmədov layihənin nəticələri barədə media nümayəndələrinə məlumat veriblər.
Bildirilib ki, Uqandanın Mpici vilayətinin Luunga ərazisində yerləşən Nsanja orta məktəbinin həyətində su quyusu qazılıb. Yeni qazılmış bu quyu ərazidə ilk və yeganə quyu olduğundan məktəblilərlə yanaşı, həmin ərazidə yaşayan yüzlərlə insanı da içməli su ilə təmin edəcək.
Layihə TİKA-nın Bakı nümayəndəliyi, “ASAN Könüllüləri” təşkilatı, Bakı Türk Anadolu Liseyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyi ilə birgə həyata keçirilib. Bu quyu 510 şagirdi təmiz su ilə təmin edəcək.