CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Ölkəmizdə İİV-ə yoluxanların 73,2 faizini kişilər təşkil edir VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Ölkəmizdə 2007-ci ildən etibarən QİÇS-dən ölənlərin sayı azalmağa başlayıb. Bu, Səhiyyə Nazirliyinin İİV/QİÇS problemini daim nəzarətdə saxlaması sayəsində mümkün olub. Hazırda bütün dünyada, o cümlədən respublikamızda QİÇS-lə mübarizədə profilaktik tədbirlərə üstünlük verilir və əhali arasında təbliğat işləri gücləndirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxması təsdiq olunmuş 4 min 955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3 min 607-si (73,2 faiz) kişi, 1348-i (26,8 faiz) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1798 nəfərdir.
İİV ilə yaşayan insanların 47,7 faizində yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1 faizində heteroseksual, 1,8 faizində isə homoseksual təmas nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,3 faizində isə yoluxma yolu müəyyən edilməyib.
Azərbaycanda 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3 min 240 insan cəlb olunub.