REGİONLAR
Masallı rayonunda aşkarlanan heyvan cəmdəkləri zərərsizləşdirilib VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Masallı Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumat əsasında birgə reyd keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Masallı rayon Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44 BR 280 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Avtomobilin arxa oturacağında və yük yerində 400 kiloqrama yaxın üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən heyvan cəmdəyi aşkar edilib.
Araşdırma zamanı ətin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi müəyyənləşdirilib. Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədov heyvanların ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.
Aşkarlanmış heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək baytarlıq laboratoriyasına göndərilib. Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq Masallı rayonu Səmədxanlı kənd sakini Rəşad Səmədovun idarə etdiyi 44 BR 280 dövlət nömrə nişanlı avtomobildə aşkarlanmış heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Masallı rayonu ərazisində olan məişət tullantıları poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.