REGİONLAR
Ta qədimdən indiyədək sınanılmış şəfalı bitki - əvəlik VİDEO
Qazax, 14 sentyabr, AZƏRTAC
Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biri də əvəlikdir. Azərbaycanın bir çox bölgəsində rast gəlinən bu bitkidən tərəvəz bitkisi kimi də geniş istifadə edilir.
AZƏRTAC xəbər verir ki, Qafqazda 25, Azərbaycanda isə 17 növü bitən əvəliyin vətəni əsasən Qarabağ, Naxçıvan Muxtar Respublikası və Qazax-Tovuz zonası hesab olunur.
Qazax rayon sakini 75 yaşlı Reyhan Babayeva deyir ki, ta qədimdən indiyədək əvəlikdən dərman vasitəsi kimi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta Böyük Vətən müharibəsi illərində yerli əhali əvəlik yarpaqlarını yığaraq çörək əvəzi istifadə ediblər.
Reyhan nənə müalicəvi əhəmiyyətə malik əvəlik bitkisinin soyuqdəymə ilə yanaşı, mədə və bağırsaq üçün də xeyirli təbii vasitə olduğunu deyir: "Əvəlik bitkisini çiçəkləməmişdən əvvəl, may-iyun aylarında yığır, saç kimi hörür, qurudaraq qışa tədarük edirlər. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır. Əvəlikli umac, sup və digər yeməklər dadı ilə yanaşı, müalicəvi əhəmiyyətinə görə də tanınır”.
Qeyd edək ki, əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid çoxillik ot bitkisidir. Toxum və kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi yığılır.
Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindən daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin “iksirləri” hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.