DÜNYA
ABŞ polisi Berlinqton qatilinin şəklini yayımlayıb VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Amerikanın Vaşinqton ştatının hökuməti və polisi axtarışda olan qatilin foto şəklini yayımlayıb və əhalidən onu tapmaq üçün kömək göstərməyi xahiş edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Amerika KİV-ləri Berlinqton şəhərindəki “Cascade Mall” ticarət mərkəzində insanlara atəş açan qatilin nəzarət kameralarına düşən kadrlarını yayımlayıb. Kadrlarda qara futbolka geyinən və əlində silah tutan qaraşın oğlan qeydə alınıb. Xarici əlamətlərinə görə o, latın amerikalıya bənzəyir.
Polis, həmçinin hücum zamanı həlak olanlar barədə informasiyanı da dəqiqləşdirib. Son məlumata görə, atışma nəticəsində 3 qadın həyatını itirib, iki nəfər isə güllə yarası alıb.
Şahidlərin sözlərinə görə, silahlı şəxs ticarət mərkəzinə daxil olduqdan sonra müştərilərə atəş açmağa başlayıb, sonra isə hadisə yerindən qaçıb. İnsidentin baş verdiyi ərazi nəzarət altına alınıb.