Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar
Kütləvi İnformasiya Vasitələrinə MÜRACİƏT

Hörmətli kütləvi informasiya vasitələrinin rəhbərləri və media mənsubları!

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin növbəti seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən 2013-cü ilin 9 oktyabrına təyin edilmişdir. Hazırda prezidentliyə namizədlərin irəli sürülməsi və təsdiq olunması, təsdiq edilmiş namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi gedir. Seçki qanunvericiliyinin tələblərinə görə, bu seçkilərdə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyətli subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 8.00-dək aparıla bilər.

Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lər tərəfindən dərc edilməsi və yayımlanması qadağandır.

Ölkəmizin taleyində müstəsna əhəmiyyət kəsb edən seçkilərin demokratik tələblərə uyğun, azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün bu prosesdə mühüm rolu olan KİV-lərin də qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi olduqca vacib və əhəmiyyətlidir.

Mərkəzi Seçki Komissiyası kütləvi informasiya vasitələrinə bu prosesdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasını tövsiyə edir və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsində vacib rol oynayacaq bu mühüm tədbirdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Azərbaycan Respublikasının

Mərkəzi Seçki Komissiyası

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin