Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

9 oktyabr 2013-cü ilin Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan olunması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 Qərar № 8/64

02.08.2013-cü il

 Azərbaycan Respublikasının Prezidenti seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci maddələri ilə, seçkilərin təyin edilməsi qaydası və müddəti Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmişdir.

Konstitusiyanın 101.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2008-cü il oktyabrın 15-də keçirildiyindən və fəaliyyətdə olan Azərbaycan Respublikası Prezidentinin 5 illik səlahiyyət müddəti başa çatmaqda olduğundan, növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 16-na təsadüf edir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə, səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərinə əsasən Qurban bayramı iş günü hesab edilməyən bayramdır və həmin bayramın keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən elan olunur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 dekabr 2012-ci li tarixli, 309 saylı qərarına əsasən 2013-cü ildə 15 və 16 oktyabr Qurban bayramıdır.

Ona görə də, yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Pespublikasında növbəti prezident seçkiləri günü cari ilin oktyabr ayının iş günü hesab edilən digər gününə¬ keçirilməklə qanunvericiliklə müəyyən olunmuş qaydada elan edilməlidir. Mərkəzi Seçki Komissiyası 2013-cü ilin oktyabr ayının 9-unu növbəti prezident seçkiləri günü elan etməyi məqsədə müvafiq sayır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.2-ci və 178.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi günü Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilərək ən geci 2 gün müddətində dərc edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 177-ci və 178-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.

2. Qərar qəbul edildiyi gündən ən geci 2 gün müddətində dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin