DÜNYA
ABŞ-IN 2005-Cİ İL ÜÇÜN MÜDAFİƏ BÜDCƏSİ 417,5 MİLYARD DOLLARDIR
Yeni büdcə əvvəlkindən 22 milyard dollar çoxdur. Buraya ABŞ-ın İraqda və Əfqanıstanda apardığı hərbi əməliyyatları maliyyələşdirmək üçün ayrılan 25 milyard dollar da daxildir.
Büdcədə raketdənmüdafiə sistemi yaradılması sahəsində işlərin həyata keçirilməsinə 10 milyard dollar ayrılması da nəzərdə tutulur. Bu cari ildə həmin sistem üçün xərclərdən 1 milyard dollar çoxdur.
Sənəddə göstərilir ki, təhlükəsizliyin təmin edilməsinə, o cümlədən nüvə silahının və kimyəvi silahın və materialların təhlükəsiz saxlanılmasının təmin olunmasına, habelə istifadədən çıxarılmış sualtı qayıqların ləğvinə dair Rusiya-Amerika proqramları üçün 2007-ci ilədək 409,2 milyon dollar ayrılacaqdır.
Büdcə Pentaqona “Virginia” tipli yeni atom sualtı qayığı, “Arley Buk” seriyalı raket eskadra mina gəmisi, 39 “Black Hok” vertolyotu və bir sıra digər silahlar almağa imkan verir. Büdcədə ABŞ hərbi qulluqçularının maaşını 3,5 faiz artırmaq da nəzərdə tutulur.