DÜNYA
ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəştə gedəcək
Bakı, 11 iyul, AZƏRTAC
ABŞ bəzi ölkələrin İrandan neft idxalına qarşı tətbiq ediləcək sanksiyalardan güzəşt tələbini nəzərdən keçirəcək.
AZƏRTAC “Sky News Arabia”ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib.
O bildirib ki, İranın neft ixracını əngəlləmək üçün rəsmi Vaşinqtonun noyabrdan etibarən tətbiq edəcəyi sanksiyalarda güzəşt istənən bəzi ölkələrin tələbini qiymətləndirəcək: “ABŞ-dan güzəşt tələb edən bir neçə ölkə var. Bunu nəzərdən keçirəcəyik”.
ABŞ dövlət katibi həmin ölkələrin adlarını açıqlamayıb.
Qeyd edək ki, İrandan neft idxal edən başlıca ölkələr arasında Çin, Hindistan, İraq və Türkiyə var.
Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən İrandan neft idxalını noyabrın 4-dək dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir.