DÜNYA
ABŞ-da 9 yaşlı uşaq 5 nəfəri qətlə yetirməkdə təqsirləndirilir
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
Bu ilin əvvəlində İllinoys ştatında mobil evin qəsdən yandırılması nəticəsində 5 nəfər, o cümlədən 3 uşaq həlak olub. Bununla əlaqədar, dünən İllinoys ştatından olan 9 yaşlı uşağa ittihamnamə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, prokurorluq bu uşağı qətl törətməkdə və evin ağırlaşdırıcı şəraitdə qəsdən yandırılmasında ittiham edir. Ölənlərdən ən kiçiyinin cəmi bir yaşı olub.
İllinoys ştatının Vudford dairə prokuroru Qreq Minqer şübhəli şəxs ilə yanğının qurbanları arasında qohumluq əlaqələri olub-olmadığını deməyib, lakin qeyd edib ki, təhqiqatın nəticələrinə əsasən evi yandırmış uşaq həmin evdə adamların olmasını bilirmiş.
Adı bildirilməyən şübhəli şəxsi həbs cəzası gözləmir. Minqerin sözlərinə görə, əgər şübhəli şəxs öz təqsirini etiraf edərsə, yəqin ki, o, məcburi psixoloji terapiya və məsləhət prosedurlarını keçməli olacaq.
Qudfilddəki Timberlayd mobil evlər parkında yanğın nəticəsində 69 yaşlı Ketrin Mürrey, 34 yaşlı Ceyson Uoll, 2 yaşlı Rouz Alvud, 2 yaşlı Deymon Uoll və 1 yaşlı Ariyel Uoll həlak olub. Qeyd edilir ki, hadisə vaxtı evdə olmuş digər iki nəfər oradan çıxmağa müvəffəq olub və sağ qalıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton