İDMAN
ABŞ-da Formula 1 haqqında yeni miniserialın nümayişinə start verilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Formula 1 Amerikanın “Complex” populyar media platforması ilə əməkdaşlıq barədə elan edib. “Complex” Formula 1 çempionatının traslarında, paddokda və onun hüdudlarından kənarda baş verənlər barədə bəhs olunan “The Pit” (“Bokslar”) miniserialının nümayişinə başlayıb.
AZƏRTAC xəbər verir ki, serial beş hissədən ibarətdir və ABŞ Qran-Prisinədək “Complex.com” saytında hər həftə nümayiş etdiriləcək. Filmin birinci hissəsi oktyabrın 4-də göstəriləcək. Bu seriya Macarıstan yürüşləri uik-endi günlərində Budapeştdə və Hunqarorinqdə çəkilib.
Yeni layihə “Wavemaker” şirkətinin iştirakı ilə yaradılıb. O, Formula 1 aləmi barədə gənclərə anlaşıqlı dildə bəhs edir və material müvafiq üslubda təqdim olunur. Buna görə də aparıcı qismində amerikalı reper A$AP Ferg (Derold Dürard Braun kiçik-Ferqüson) dəvət edilib.
Serialın hər epizodu müəyyən pilota və onun komandasına həsr edilib. Karlos Sayns, Lando Norris, Daniel Rikkardo və Kimi Raykkonen artıq “The Pit”in qəhrəmanları olublar.
Formula 1-in marketinq və kommunikasiyalar üzrə direktoru Elli Norman deyib: “Complex”lə tərəfdaşlıq bizə ideal platforma verir ki, bu da yeni amerikalı azarkeşlərin diqqətini cəlb etməyə şərait yaradır. Biz Formula 1-i başqa tərəfdən göstərmək istəyirik. Buna görə də çempionata A$AP Fergin gözü ilə baxacağıq. Reper dünyanın bir neçə aparıcı pilotu ilə ünsiyyətdə olacaq. Bu, yeni auditoriyanı cəlb etməkdən ötrü əla üsuldur”.