DÜNYA
ABŞ-da istehlak xərcləri əməkhaqqı artımını xeyli üstələyib
Bakı, 25 fevral, AZƏRTAC
Cari ilin yanvarında ABŞ-da istehlak xərcləri maaş artımı fonunda 1,8 faiz artıb. Bu, son iki ildə ən yüksək mənfi göstəricidir. Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmağa davam edəcəyi ehtimalı isə inflyasiyanı sürətləndirib və maliyyə bazarında narahatlığı gücləndirib. Birləşmiş Ştatlarda Şəxsi İstehlak İndeksi (PCE) adlanan göstərici isə yanvarda 0,6 faiz artıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, cümə günü Birləşmiş Ştatların Ticarət Departamentinin hesabatı iqtisadiyyatın çox qorxulu tənəzzülə yaxın olmadığı qənaəti yaradıb. Belə ki, yanvar ayında işsizlik səviyyəsinin azalması resessiya təhlükəsini əhəmiyyətli dərəcədə uzaqlaşdırıb.
Şimali Karolina ştatında yerləşən “LPL Financial” şirkətinin baş iqtisadçısı Ceffri Roç “ƏL Cəzirə” telekanalına müsahibəsində bildirib ki, daha sərt pul siyasəti istehlakçılara hələ tam təsir göstərməyib və FED-in məcmu tələbi yavaşlatmaq üçün daha çox işi olduğunu göstərir. Onun sözlərinə görə, faiz dərəcələrinin yay aylarında da artacağı ehtimal olunur.
ABŞ-ın iqtisadi fəaliyyətinin üçdə ikisindən çoxunu təşkil edən istehlak xərcləri keçən ay 1,8 faiz artıb. Bu, 2021-ci ilin mart ayından bəri ən böyük artım idi. Dekabr ayı üzrə məlumatlarda da inflyasiyanın səviyyəsinin və istehlak qiymətlərinin artacağı proqnozlaşdırılırdı. Halbuki, ötən ilin noyabr və dekabr aylarında “real istehlak xərcləri” adlanan göstərici azalmışdı. İstehlakçılar motorlu nəqliyyat vasitələri, məişət əşyaları və avadanlıqları daha çox alırdılar. Onlar həmçinin iaşə obyektlərində yeməyə və istirahətə daha çox pul xərcləyiblər. Bu ilin yanvarında isə vəziyyət dəyişib və hazırda əks proseslər baş verir.
İqtisadçılar bildirirlər ki, fevral-mart aylarının göstəriciləri FED-in qərarları və qlobal enerji bazarında olan vəziyyətdən asılı olacaq. FED mart və may aylarında faiz dərəcələrini daha iki dəfə artırmağa hazırlaşır.