DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb
Bakı, 23 fevral, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 1047 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 69 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd azalaraq 853 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayı 54 ədəd artıqdır.
Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 194 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 15 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma - 316-ya geriləyib.