DÜNYA
ABŞ-dakı neft quyularının sayı son 3 ayda ilk dəfə azalıb
Bakı, 23 iyun, AZƏRTAC
ABŞ-dakı aktiv neft quyularının sayı son 3 ayda ilk dəfə azalıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 7 ədəd azalaraq 1052 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 111 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 1 ədəd azalaraq 862 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 3 ayda ilk dəfə azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 104 ədəd artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı da 6 ədəd azalaraq 188 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 5 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma - 316-ya geriləmişdi.